1976-ci il

Azərbaycanın peşəkar klarnet ifaçılarından olan Ata Atakişiyev 1954-cü il, dekabr ayının 14-də Bakı şəhərində, əslən Xızı rayonunun Əngilan kəndindən olan Cahangir kişinin ailəsində dünyaya göz açıb. Cahangir kişi uşağa öz atasının adını qoyur – Baba. Atasının adını qoyduğu üçün balaca Babanı “Ata” deyə çağırmağa başlayırlar. Və beləcə kiçikdən tutmuş böyüyə qədər hamı onu Ata kimi tanıyır.

Kiçik yaşlarından musiqiyə olan həvəsi Atanın yolunu 12 nömrəli musiqi məktəbindən salır, 1963-68-ci illər ərzində klarnet sahəsində musiqi təhsili alır. O, 1971-ci ildə 31 saylı orta məktəbi bitirir. Sonradan böyük sənətkar Həsən Məhərrəmovdan fərdi qaydada klarnet ifaçılığının incəliklərini, xüsusilə də Azərbaycan muğamlarını öyrənir.

Ata çox keçmədən məşhur klarnet ifaçısına çevrilir. O, artıq 60-cı illərin sonu 70-ci illərin əvvəllərində el şənliklərinə dəvət alır, dövlət tədbirlərində iştirak edirdi. Məşhurluq ona “Klarnetin Atası” adını qazandırmışdı.

Müasirlərinin sözlərinə görə, Ata artıq 20 yaşında sənətin zirvəsini fəth edə bilmişdi. Daha çox paytaxtda və Abşeron ərazisində populyarlıq qazanmış Ata Atakişiyev, deyilənlərə görə, ayın 30 günü toy sifarişi alarmış. Hətta, toy sahibləri öz dəvətnamələrinin üzərinə “Klarnet ustası Atanın iştirakı ilə” qeydini yazdırardı.

Ata artıq sənətin “atası”, klarneti isə onun “övladı” idi. O, “övladını” hər dəfə dilləndirdikcə, ona nəfəs verə-verə dil açmağı öyrədirdi. Ali musiqi təhsili olmasa da, Allahın ona bəxş etdiyi istedadın nəticəsi olaraq hər zaman dinləyicilərinə əsl sənət, əsl musiqi zövqü yaşada bilirdi.

Ata Atakişiyev sənətinin zirvəsini fəth etdiyi bir dövrdə – 1975-ci ildə ailə həyatı qurur. O, 1978-ci ildən başlayaraq efirə çıxır və bununla da məşhurluğun pik nöqtəsinə çatır.

Amma Atanın uğurlarına qısqanclıqla yanaşanlar da tapılır və bu, onun həyatının sonrakı mərhələlərində müəyyən çətinliklər yaradır.  Bir müddət cəmiyyətdən və sənətindən uzaq düşməli olur… Həyatın onun üçün hazırladığı “sürprizlər” bununla bitmirdi, dəniz onun böyük oğlunu əlindən alır. İlkin çimərlikdə boğulur. Övlad itkisi Atanı dərindən sarsıdır, dünyasını alt-üst edir.

Ata Atakişiyev oğlunun ölümündən sonra klarneti əlinə götürmür, bir sözlə, iki övladını birdən itirir. Lakin özünün ölümündən bir neçə gün əvvəl asta səslə klarneti ifa edir. Bu kövrək səs bir atanın həyatdan vaxtsız köçmüş övladına musiqili epitafiyası, klarnetin “atası”nın musiqi dünyası ilə son vida notları olur. Ata Atakişiyev oğlu İlkinin ölümündən bir il sonra – 1997-ci il sentyabr ayının 29-da, 43 yaşında dünyasını dəyişir.

Hazırda Ata Atakişiyevin 1 oğlu və iki nəvəsi yaşamaqdadır.

Azərbaycan Dövlət Radiosunun “Qızıl fondu”nda sənətkarın bir neçə sənət nümunəsi qorunub saxlanılır.

Qısa ömür yaşasa da Ata onu tanıyanların yaddaşında nəinki yüksək peşəkarlığa malik böyük bir sənətkar, həmçinin, mərdlik və cəsarət nümunəsi kimi yaşayır…

Mənbə:http://news.lent.az/news/224964

Advertisements

Image  —  Posted: December 31, 2015 in musiqi dünyası